ADA Universitetində Ümumdünya Ərzaq Günü: Innovasiya və ərzaq təhlükəsizliyi

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Bu gün innovasiya et, sabahın qidasını təmin et” şüarı altında Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin əsas məqsədi dayanıqlı ərzaq sistemlərinin qurulmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində innovasiyanın rolunu müzakirə etmək idi.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbirin aqrar sahədə fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının açılması baxımından əhəmiyyətini qeyd edib. O, belə platformaların tərəflər arasındakı əlaqələri möhkəmləndirdiyini və kənd təsərrüfatının gələcək inkişafına dair təşəbbüsləri təşviq etdiyini bildirib.
Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov müasir kənd təsərrüfatının sadəcə istehsal sahəsi deyil, elmin, innovativ texnologiyaların və səmərəli idarəetmənin birləşdiyi mühüm iqtisadi fəaliyyət sahəsi olduğunu vurğulayıb. Nazir Prezident İlham Əliyevin 2026-cı ilin 25 may tarixli Sərəncamı ilə təsdiqlənmiş 2026–2030-cu illər üçün Dövlət Proqramının aqrar sektorun strateji istiqamətlərini müəyyən etdiyini qeyd edib. Proqramda resurslardan səmərəli istifadə, rəqəmsallaşma və iqlimə davamlı istehsal prioritetlər kimi müəyyən olunub. Bu hədəflərə çatmaqda süni intellekt və məlumatlara əsaslanan sistemlərin tətbiqi həlledici rol oynayır.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli son illərdə əldə olunan nailiyyətlərdən danışıb və ixtisaslı kadrlara olan ehtiyacı qeyd edərək, ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin fəaliyyətinin vacibliyini diqqətə çatdırıb. Milli Məclisin deputatı Nigar Arpadarai isə ölkəmizin aqrar sahədə məhsuldarlığı artırmaqla yanaşı, iqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirdiyini bildirib.
FAO-nun Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat su ehtiyatlarından səmərəli istifadə və məhsul itkilərinin azaldılmasının vacibliyini vurğulayıb. O, innovativ yanaşmaların fermerlərin bazarlara çıxış imkanlarını genişləndirdiyini qeyd edib. Tədbir çərçivəsində FAO-nun “Kəndlərin tanınması təşəbbüsü” doqma dörd kəndə sertifikatlar təqdim edilib. ADA Universitetinin tələbələri isə ərzaq və kənd təsərrüfatının gələcəyinin formalaşdırılmasında gənclərin rolunu müzakirə ediblər.