ADA Universitetində “Xarici Siyasət Proqramı”nın yeni buraxılışı uğurla başa çatdı

ADA Universitetində “Xarici Siyasət Proqramı”nın yeni buraxılışı uğurla başa çatdı

Rəsmi mənbə

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Xarici Siyasət Proqramı”nın növbəti sessiyası 3-12 oktyabr tarixlərində keçirilib. Bu ilki ixtisasartırma proqramına Avropa, Latın Amerikası, Afrika və Okeaniyanın 17 müxtəlif ölkəsini təmsil edən 19 yüksək və orta rütbəli xarici diplomat qatılıb.

Proqramın dövründə iştirakçılar geniş müzakirə və təlim sessiyalarında iştirak ediblər. Sessiyalarda regionun siyasi tarixi, Azərbaycanın xarici siyasət prioritetləri, enerji diplomatiyası, regional geosiyasət və təhlükəsizlik, eləcə də diplomatik protokol və danışıqlar aparmaq bacarıqları əhatə olunub. Məruzəçilər arasında ADA Universitetinin professor-müəllim heyəti, dövlət qurumlarının nümayəndələri və beynəlxalq münasibətlər sahəsindəki ekspertlər yer alıb. Diplomatlar həmçinin Xarici İşlər Nazirliyində və Milli Məclisdə keçirilən dəyirmi masalarda iştirak edərək, parlamentin ikitərəfli və çoxtərəfli münasibətlərdəki roluna dair fikir mübadiləsi aparıblar.

Nəzəri biliklərlə yanaşı, praktiki təcrübə də proqramın vacib hissəsi olub. İştirakçılar Şuşa və Xankəndi şəhərlərinə səfər edərək regionun tarixi, mədəni irsi və yeni reallıqları ilə birbaşa tanış olublar. Onlar Heydər Əliyev Mərkəzi və Xalça Muzeyini də ziyarət ediblər.

Bağlanış mərasimində ADA Universitetinin akademik məsualər üzrə prorektoru Elkin Nurməmmədov iştirakçıları təbrik edərək, sessiyaların məhsuldar keçdiyini vurğulayıb. O, proqramın qlobal iqtisadi və siyasi proseslərə dair bilik mübadiləsinə şərait yaratdığını qeyd edib. AIDA-nın direktoru Jalə İbrahimova isə bu əməkdaşlığın gələcək tərəfdaşlıqlar üçün yeni imkanlar açdığını bildirib. Proqramın rəhbəri Aygün Hacıyeva təqdimatında “Xarici Siyasət Proqramı”nın son doqquz ildə əldə etdiyi nəticələri diqqətə çatdırıb. Onun sözlərinə görə, 2018-ci ildən bu yana 100 ölkədən 166 diplomat proqramdan məzun olub, bu il isə on yeni ölkə ilk dəfə iştirak edib. Tədbir sertifikatların təqdim olunması ilə yekunlaşıb.

Xəbərlər