ADAU-da 11 ölkədən 300-dən çox əcnəbi tələbə təhsil alır

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2026–2027-ci tədris ili üzrə qəbul olunan əcnəbi tələbələrin qeydiyyat, sənədləşmə, oriyentasiya və miqrasiya prosedurları uğurla yekunlaşdırılıb. Bu proses çərçivəsində yeni tələbələrə universitetin tədris mühiti, infrastruktur imkanları, tələbə xidmətləri və daxili qaydalar barədə ətraflı məlumat verilib. Həmçinin, Azərbaycanda müvəqqəti yaşama və miqrasiya tələbləri ilə bağlı zəruri izahatlar təqdim olunaraq, inzibati prosedurların həyata keçirilməsində onlara dəstək göstərilib.
Hazırda ADAU-da 11 müxtəlif ölkəni təmsil edən 300-dən çox əcnəbi tələbə təhsil alır. Bu ölkələr arasında Türkiyə, Cənubi Afrika Respublikası, Gürcüstan, Hindistan, İsrail, Moldova, Qırğızıstan, Rusiya, Ukrayna, Mavriki və Somali yer alır. Universitetin beynəlxalq tələbə kontingentinin bu qədər müxtəlifliyi, ADAU-nun regional və qlobal miqyasda tanınmış bir təhsil ocağına çevrildiyini bir daha təsdiqləyir.
Universitet idarəçiliyi əcnəbi tələbələrin yeni təhsil mühitinə uyğunlaşmasına xüsusi diqqət yetirir. Qeydiyyat və miqrasiya prosedurlarının səmərəli təşkili, eləcə də təhsil müddətində tələbələrin zəruri dəstəklə təmin edilməsi istiqamətində fəaliyyət davam etdirilir. ADAU, beynəlxalq standartlara uyğun təhsil mühiti yaradaraq, müxtəlif mədəniyyətlərdən gələn gənc mütəxəssislərin bilik və bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır. Bu yanaşma, universitetin beynəlxalq əməkdaşlıq sahəsindəki uğurlarını gücləndirir və tələbələrin Azərbaycanda təhsil almaqdan məmnunluğunu artırır.