ADAU-da YAP-ın VIII Qurultayının qərarları müzakirə edildi

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında səsləndirilən qərarlar və irəli sürülən vəzifələrə həsr olunmuş geniş miqyaslı görüş keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardından Dövlət Himni səsləndirilib.
Görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov, YAP İdarə Heyətinin üzvü və Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, partiyanın nümayəndələri və universitetin professor-müəllim heyəti iştirak edib. Rektor Zəfər Qurbanov çıxışında Prezident İlham Əliyevin qurultay nitqinin ölkənin inkişaf prioritetləri baxımından daşıdığı strateji əhəmiyyəti vurğulayıb. O, milli maraqlar ətrafında ictimai birliyin möhkəmləndirilməsinin, gənclərin təşəbbüslərinin dəstəklənməsinin və onların dövlətçilik ənənələrinə sadiq ruhda yetişdirilməsinin vacibliyini qeyd edib. Rektor, həmçinin, Azərbaycanın müstəqilliyinin gücləndirilməsi və iqtisadi inkişafın təmin edilməsi istiqamətində atılan addımlara toxunub.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov isə qurultayda müəyyənləşdirilən istiqamətlərin həyata keçirilməsində yerli qurumların, ziyalıların və gənclərin üzərinə düşən vəzifələrdən danışıb. O, dövlət siyasətinin ictimaiyyətə düzgün çatdırılmasının və gənclərin siyasi fəallığının artırılmasının əhəmiyyətini vurğulayıb. Bayram Aslanov universitetlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində və fəal vətəndaş mövqeyinin formalaşdırılmasında oynadığı mühüm rola diqqət çəkib.
Tədbirdə ADAU-nun İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov qurultayda səsləndirilən fikirlərin siyasi və ictimai əhəmiyyətini, milli maraqların qorunmasının prioritetliyini izah edib. Kafedranın baş müəllimi Türkan Əhmədova isə qurultayda gündəmə gətirilən məsələlər və müəyyənləşdirilən strateji hədəflər haqqında öz fikirlərini bölüşüb. Görüşdə universitet kollektivi tərəfindən qurultay qərarlarının təbliği və həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.