ADAU-nun rektoru Zəfər Qurbanov birinci kurs tələbələri ilə görüşdü

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov universitetə qəbul olunan birinci kurs tələbələri ilə görüş keçirib. Mərhələli formada təşkil olunan bu görüşlərdə bakalavr və magistratura səviyyəsində təhsil alan, eləcə də əcnəbi tələbələr iştirak ediblər. Görüş, yeni tələbələrin universitet həyatına inteqrasiyasını asanlaşdırmaq və onlara dəstək olmaq məqsədi daşıyıb.
Rektor Zəfər Qurbanov çıxışında tələbələri universitetə qəbul olunmaları münasibətilə təbrik edərək, onlara təhsil yollarında uğurlar arzulayıb. O, ali təhsilin gənclərin bilik və bacırıqlarının formalaşmasında, dünyagörüşünün genişlənməsində və gələcək peşəkar fəaliyyətə hazırlanmasında həlledici rol oynadığını vurğulayıb. Rektor, tələbələrdən universitetin zəngin təhsil və elmi-tədqiqat imkanlarından səmərəli istifadə etmələrini, seçdikləri ixtisas üzrə dərin biliklər əldə etmələrini və fəaliyyətlərində təşəbbüskarlıq nümayiş etdirmələrini istəyib. Xüsusilə, aqrar sahənin inkişafı üçün müasir biliklərə və praktiki bacarıqlara malik mütəxəssislərin hazırlanmasının vacibliyi diqqətə çatdırılıb.
Görüş zamanı birinci kurs tələbələrinin universitet mühitinə uyğunlaşması, tədris prosesində fəal iştirakı və şəxsi inkişafına dair məsələlərə geniş yer ayrılıb. Tələbələrin qarşıda duran hədəfləri müzakirə olunub, onların fikir və təklifləri dinlənilib. Rektor, tələbələri maraqlandıran suallara cavab verərək, açıq fikir mübadiləsi üçün əlverişli mühit yaradıb.
Əcnəbi tələbələrin də iştirak etdiyi bu görüş, ADAU-da müxtəlif ölkələrdən olan gənclər üçün vahid akademik mühitin formalaşdırılması baxımından əhəmiyyətli olub. Görüş, tələbələrarası ünsiyyətin gücləndirilməsi və mədəni əlaqələrin inkişafı üçün də yaxşı bir platforma xarakterini daşıyıb. Universitet rəhbərliyi, yeni tələbələrin təhsil prosesində fəal rol almasını və universitetin ənənələrini davam etdirməsini arzulayır.