ADAU və NDU-nun birgə təşkilatçılığı ilə Naxçıvanda II Respublika Elmi Konfransı keçirildi

ADAU və NDU-nun birgə təşkilatçılığı ilə Naxçıvanda II Respublika Elmi Konfransı keçirildi

Rəsmi mənbə

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tərəfdaşlığı və Naxçıvan Dövlət Universitetinin (NDU) təşkilatçılığı ilə “Orqanik və dayanıqlı kənd təsərrüfatı: Ekoloji tarazlıq və dayanıqlı inkişaf” mövzusunda II Respublika Elmi Konfransı Naxçıvanda uğurla başa çatıb. Tədbirdə universitet rəhbərləri, dövlət qurumlarının nümayəndələri, tanınmış alimlər, tədqiqatçılar və sahə mütəxəssisləri iştirak ediblər.

Konfransın açılışında NDU-nun rektoru Elbrus İsayev çıxış edərək, orqanik kənd təsərrüfatının inkişafı və ekoloji tarazlığın qorunmasının strateji əhəmiyyətini vurğulayıb. O, aqrar sahədə müasir yanaşmaların tətbiqi üçün elmi müzakirələrin vacib olduğunu qeyd edərək, ali təhsil müəssisələri, alimlər və dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.

ADAU-nun rektoru Zəfər Qurbanov isə çıxışında iqlim dəyişiklikləri, su ehtiyatlarının qorunması və torpaqların münbitliyinin saxlanılmasının dayanıqlı kənd təsərrüfatı üçün həlledici amillər olduğunu bildirib. Rektor, ekoloji tarazlığın qorunması və sağlam qida istehsalının təmin edilməsinin vacibliyini qeyd edərək, ADAU ilə NDU arasında əməkdaşlığın əhəmiyyətinə toxunub. O, orqanik kənd təsərrüfatı və dayanıqlı inkişaf istiqamətlərində elmi tədqiqatların, tədrisin və birgə təşəbbüslərin inkişaf etdirilməsinin önəmini altıma çəkib.

Konfransda həmçinin Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, kənd təsərrüfatı naziri Rafail Quliyev və AMEA-nın həqiqi üzvü, NDU-nun professoru Tariyel Talıbov da iştirak ediblər. Çıxışlarında qonaqlar aqrar sahədə innovativ texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə və ekoloji tarazlığın qorunmasının əhəmiyyətini vurğulayıblar.

Konfrans çərçivəsində biomüxtəlifliyin qorunması, ekosistemlərin davamlı idarə edilməsi, kənd təsərrüfatında çirkləndiricilərin monitorinqi, dayanıqlı bitkiçilik, orqanik əkinçilik, heyvandarlıq və arıçılıq kimi mövzularda bölmə iclasları keçirilib. İclaslarda ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi və orqanik kənd təsərrüfatının inkişaf perspektivləri ilə bağlı məruzələr dinlənilib, intensiv fikir mübadiləsi aparılıb. Tədbirin sonunda aktiv iştirak edən mütəxəssislərə sertifikatlar təqdim olunub.

Xəbərlər