ADAU və Neft-Kimya Prosesləri İnstitutu arasında strateji əməkdaşlıq memorandumu imzalandı

Elm və Təhsil Nazirliyinin akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) rəsmi səfərdə olub. Səfərin əsas məqsədi iki təhsil və elm ocaqları arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək və birgə layihələr üzrə razılaşma əldə etmək olub.
Səfər çərçivəsində ilk növbədə NKPİ nümayəndə heyəti ilə ADAU-nun rektoru Zəfər Qurbanov arasında geniş görüş keçirilib. Görüşdə rektor Zəfər Qurbanov aqrar elmin inkişafında müasir elmi-tədqiqatların və innovativ yanaşmaların həlledici rolunu vurğulayıb. O, elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsinin yeni tədqiqat imkanlarının açılmasına, elmi nəticələrin tədris prosesinə effektiv tətbiqinə və ümumilikdə aqrar sahənin inkişafına böyük töhfə verəcəyini qeyd edib.
Öz növbəsində, akademik Vaqif Abbasov elmi-tədqiqat müəssisələri ilə ali təhsil ocaqları arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Akademik bildirib ki, qarşılıqlı təcrübə mübadiləsi, birgə elmi layihələrin həyata keçirilməsi və yeni tədqiqat istiqamətlərinin inkişafı hər iki tərəf üçün əhəmiyyətli nəticələr verə bilər. Görüşün sonunda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Neft-Kimya Prosesləri İnstitutu arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanaraq, əməkdaşlığın hüquqi əsasları qoyulub.
Rəsmi görüşdən sonra NKPİ nümayəndə heyəti universitetin infrastrukturunu yerində araşdırıb. Qonaqlar ADAU-nun Tədris-təcrübə təsərrüfatı və müasir laboratoriyaları ilə tanış olub, burada həyata keçirilən fəaliyyət və tətbiq olunan yeni texnologiyalar barədə ətraflı məlumat alıblar. Həmçinin, nümayəndə heyəti universitetin İnnovasiyalar Mərkəzi və ADAU TV internet televiziyasının studiosu ilə də tanışlıq edərək, universitetin innovativ potensialı və media fəaliyyəti haqqında fikir mübadiləsi aparıblar.