ADNSU-nun iştirak etdiyi Beynəlxalq Təhsil Sərgisi (IEF 2026) Bakıda uğurla yekunlaşıb

ADNSU-nun iştirak etdiyi Beynəlxalq Təhsil Sərgisi (IEF 2026) Bakıda uğurla yekunlaşıb

Rəsmi mənbə

Oktyabrın 24-də Bakıda Beynəlxalq Təhsil Sərgisinin (IEF 2026) yekun tədbiri keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) fəal iştirak etdiyi bu sərgi turu Astana, Almatı, Bişkek və Daşkənddən sonra beşinci və sonuncu dayanacağı olan paytaxtımızda başa çatıb. Sərgi çərçivəsində ADNSU-nun müasir təhsil proqramları, beynəlxalq əməkdaşlıq təcrübəsi və geniş akademik imkanları ziyarətçilərə ətraflı şəkildə təqdim olunub. Universitetin stendində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə tədris, ingilis dilində təhsil, tələbə mübadilə proqramları və elmi-tədqiqat fəaliyyəti haqqında ətraflı məlumat verilib. Universitet nümayəndələri gələcək tələbələr və valideynlərin ixtisas seçimi və təhsil yolları ilə bağlı suallarına peşəkar cavablar veriblər.

Tədbirdə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli, Tələbələrlə iş şöbəsinin müdiri Elmar Quliyev və həmin şöbələrin əməkdaşları təmsil ediblər. Dörd ölkəni əhatə edən tur boyunca universitet nümayəndələri potensial tələbələr, digər ali məktəblər və beynəlxalq təhsil təşkilatlarının nümayəndələri ilə bir sıra görüşlər keçiriblər. Bu görüşlərdə akademik mobillik, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, ikili diplom proqramları, elmi rəhbərlik və beynəlxalq konfranslar üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Builki sərgi turunda 20-dən artıq ölkədən ümumilikdə 86 universitet və müxtəlif təşkilatlar iştirak edib. Təşkilatçıların məlumatına görə, tur çərçivəsində keçirilən tədbirlərə qatılmaq üçün 15 mindən çox şəxs qeydiyyatdan keçib. Qeyd edək ki, 2017-ci ildən bəri ildə iki dəfə təşkil olunan Beynəlxalq Təhsil Sərgisinin builki payız turu oktyabrın 17-də Astanada başlayıb. ADNSU-nun bu turda iştirakı universitetin beynəlxalq səviyyədə tanınırlığının artırılmasına, əcnəbi tələbələr üçün cazibə mərkəzinin gücləndirilməsinə və yeni akademik tərəfdaşlıq imkanlarının açılmasına mühüm töhfə verib.

Xəbərlər