ADNSU rektoru Xankəndidə keçirilən İkinci Rektorlar Forumunda universitet-sənaye əməkdaşlığını müzakirə etdi

Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin evsahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu baş tutub. İki ölkədən 30-a yaxın universitetin iştirak etdiyi bu mühüm tədbir ali təhsil sahəsində tərəfdaşlığın dərinləşdirilməsinə və inkişafına həsr olunub. Forumun açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov iştirakçıları salamlayaraq, onları universitetdə görməkdən duyduğu məmnuniyyəti ifadə edib. Elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında Azərbaycan və Özbəkistan arasında akademik əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsinin strateji əhəmiyyətini vurğulayıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) forumda geniş tərkibdə təmsil olunub. Universitetin rektoru, dosent Rüfət Əzizovun rəhbərliyi ilə iştirak edən nümayəndə heyəti forumun əsas gündəlik məsələlərindən birinə - universitet-sənaye əməkdaşlığına diqqət yetirib. Rektor Rüfət Əzizov “Bilikdən nəticəyə: universitet–sənaye sahələri arasında elmi-tədqiqat və innovasiya əməkdaşlığının möhkəmləndirilməsi” mövzusunda keçirilən panel müzakirəsində ətraflı çıxış edib.
Müzakirə zamanı elmi tədqiqatların nəticələrinin praktiki istehsalata və iqtisadiyyata tətbiqi, innovasiya potensialının artırılması və beynəlxalq əməkdaşlığın inkişafı kimi mövzularda fikir mübadiləsi aparılıb. Xüsusi diqqət universitetlərin elmi potensialının sənayenin müasir ehtiyacları ilə uzlaşdırılmasına və birgə tədqiqat layihələrinin həyata keçirilməsinə yönəldilib. Qeyd olunub ki, elmi biliklərin real nəticələrə çevrilməsi üçün akademik mühitlə biznes sektoru arasında sıx əlaqələrin qurulması vacibdir.
Forumun proqramı çərçivəsində iştirakçılar yalnız elmi müzakirələrlə məhdudlaşmayıb. Qonaqlar Xankəndi və Şuşa şəhərlərinə tanışlıq səfərləri edib, həmçinin Füzuli rayonunda yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbi ziyarət edərək təhsil infrastrukturunun bərpası ilə bağlı təəssüratlarını bölüşüb. İki gün davam edən beynəlxalq forum oktyabrın 17-də uğurla başa çatıb.