Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyi: Tarixi Zəfərdən tam bütövlüyə qədər

Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyi qeyd olunur. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Konstitusiya Aktı ilə Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşdu və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etdi. Lakin müstəqilliyin ilk illəri ağır sınaqlarla, daxili çəkişmələrlə və Ermənistanın işğalına başlanması ilə xarakterizə olunurdu. Yüz minlərlə soydaşımız vətəndən didərgin düşdü və bu, həqiqi müstəqilliyi qorumağın onu əldə etməkdən qat-qat çətin olduğunu bir daha göstərdi.
Bu tarixi dönəmdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin taleyini dəyişdi. Onun rəhbərliyi ilə ictimai-siyasi sabitlik təmin edildi, demokratik islahatlar həyata keçirildi və “Əsrin müqaviləsi” ilə Azərbaycan dünya enerji xəritəsində xüsusi mövqeyini qazandı. Prezident İlham Əliyevin rəhbərliyi altında isə ölkə nəhəng regional layihələrin təşəbbüskarı oldu və etibarlı tərəfdaş kimi tanındı.
Strateji inkişafın məntiqi nəticəsi tarixi ədalətin bərqərar olması oldu. 44 günlük Vətən müharibəsi ilə ordumuz işğala son qoydu. 2023-cü ildə Laçın dəhlizində sərhəd-buraxılış məntəqəsinin qurulması, sentyabrda antiterror tədbirləri və oktyabrın 15-də Xankəndidə üçrəngli bayrağın ucalması ərazi bütövlüyünün tam bərpasına yol açdı. Beləliklə, Azərbaycan xalqı artıq müstəqilliyin ildönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qarşılayır. Bakı Dövlət Universiteti də bu tarixi bayramı qürur və fəxr hissi ilə qeyd edir, gənclərə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayır.