BDU komandaları ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
-1.png)
Bakı Dövlət Universitetinin (BDU) iki komandası 51-ci Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanaraq universitetin fəxrinə çevrilib. Müsabiqə ICPC Azərbaycan İcmasının, Azərbaycan Texniki Universitetinin və ADA Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin isə tərəfdaşlığı ilə həyata keçirilib. 23 ali təhsil müəssisəsindən 162 komandanın iştirak etdiyi təsnifat mərhələsində BDU-nun "BSU 1" və "BSU 2" komandaları II dərəcə ilə qiymətləndirilərək finala vəsiqə qazanıb.
Hər iki komanda BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələrindən ibarətdir. "BSU 1" komandasını Mirağa Əliyev, Fuadxan Səfərov və Şəhrud İsmayılov təmsil edir. "BSU 2" komandasının üzvləri isə Elşən Məhərrəmov, Mehdi Məmmədov və Kənan Sadıqlıdır. Qeyd olunmalıdır ki, "BSU 1" komandasının üzvü Mirağa Əliyev fakültədə magistratura səviyyəsində təhsil alaraq BDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma şöbəsində mütəxəssis kimi çalışır. "BSU 2" komandasının üzvü Mehdi Məmmədov isə fakültə tələbəsi olmaqla yanaşı, Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzinin laborantıdır.
Komandalara rəhbərlik edən məşqçilər arasında Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzinin direktoru İsmayıl Zeynalov, həmin mərkəzin mütəxəssisi Nihat Qəribli və İnformasiya texnologiyaları və proqramlaşdırma şöbəsinin mütəxəssisi Emil Hüseynov yer alıb. Müsabiqənin formatı çərçivəsində komandalar 5 saat ərzində 14 alqoritmik məsələni C++, Java və ya Python proqramlaşdırma dillərində həll etməli və həlləri avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirməli idilər. Nəticələrə əsasən, 69 komanda final mərhələsinə yüksəlib.
Məlumata görə, regional mərhələni müvəffəqiyyətlə başa vuracaq komandalar 11-13 dekabr 2025-ci il tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək 51-ci ICPC-nin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında komanda və fərdi nominasiyalar üzrə iştirak etmək hüququ əldə edəcəklər. Bu uğur, BDU-nun proqramlaşdırma sahəsindəki güclü potensialını bir daha təsdiqləyir.