BDU komandası beynəlxalq CanSat müsabiqəsində III yeri qazanıb

Bakı Dövlət Universitetinin (BDU) komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən V ICESCO Beynəlxalq CanSat Təlim Seminarı və Aerokosmik Simpoziumu çərçivəsində təşkil olunan beynəlxalq müsabiqədə III yeri qazanıb. Doqquz ölkədən iştirakçıların qatıldığı bu mühüm tədbirdə BDU nümayəndələri hazırladıqları CanSat modeli ilə uğurlu nəticə əldə edərək universitetin adını beynəlxalq səhnədə bir daha parlaq şəkildə qoyublar.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Özbəkistanın Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi və yerli akademik tərəfdaşların birgə əməkdaşlığı ilə həyata keçirilən bu proqram kosmik texnologiyalar sahəsində praktiki bacarıqların inkişafına və beynəlxalq təcrübə mübadiləsinə həsr olunub. BDU-nun əməkdaş və tələbələri Emil Hüseynov, Mirağa Əliyev və Tahir Əliyev oktyabrın 17-dən etibarən proqramın təlim hissəsində iştirak ediblər. Təlimlər zamanı iştirakçılar peyk sistemlərinin layihələndirilməsi, mikrokontrollerlərin proqramlaşdırılması, sensor və rabitə modullarının inteqrasiyası, eləcə də telemetriya və məlumatların təhlili üzrə dərin praktiki biliklər əldə ediblər. Komanda qazandığı bu bilikləri effektiv şəkildə tətbiq edərək öz CanSat modelini hazırlayıb və müsabiqəyə təqdim edib.
CanSat texnologiyası real peykin əsas sistem və funksiyalarını kiçikölçülü qurğuda modelləşdirməyə imkan verir. Bu qurğunun hazırlanması elektronika, proqramlaşdırma və konstruksiya sahələrindəki biliklərin kompleks şəkildə tətbiqini tələb edir. Müsabiqənin sınaq mərhələsində BDU komandasının hazırladığı model raket vasitəsilə havaya qaldırılıb və yüksək hündürlükdən buraxılıb. Eniş zamanı model müxtəlif fiziki parametrlər üzrə ölçmələr apararaq dəqiq məlumatlar toplayıb.
Bu proqramda iştirak universitetin əməkdaş və tələbələrinin kosmik texnologiyalar sahəsində bilik və təcrübələrinin artırılmasına böyük töhfə verir. Eyni zamanda, bu cür beynəlxalq təşəbbüslər gələcək elmi-texniki layihələrin inkişafına və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə yeni imkanlar yaradır.