BDU-nun Coğrafiya fakültəsinin müəllimi Maqsud Babayev vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi, coğrafiya elmləri namizədi Maqsud Babayev vəfat edib. 1952-ci ildə Quba rayonunun Çiçi kəndində dünyaya gələn alim, uzunmüddətli peşəkar karyerası və elmi fəaliyyəti ilə yaddaqalan şəxsiyyətlərdən biri idi.
Maqsud Babayev 1969-1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsində, daha sonra isə 1976-1980-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasında təhsil alıb. 1980-ci ildə Tbilisi Dövlət Universitetində “Azərbaycan Respublikasının suvarılan torpaq ərazilərində kənd təsərrüfatı istehsalının ərazi təşkili və aqrar sənaye komplekslərinin formalaşması problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi qazanıb.
Karyerası ərzində Maqsud Babayev müxtəlif dövlət qurumlarında və təşkilatlarda mühüm vəzifələrdə çalışıb. O, Dövlət Təbiəti Mühafizə Komitəsində, Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, həmçinin Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) və “Azərsu” ASC-də ekologiya, monitorinq və texnoloji nəzarət sahələrində rəhbər vəzifələrdə xidmət göstərmişdir. 2021-ci ildən etibarən BDU-da müəllim kimi fəaliyyət göstərən Babayev, təcrübəsini gənc nəslə ötürməyə çalışırdı.
Alimin əsas tədqiqat istiqamətləri kənd təsərrüfatının ərazi təşkili, davamlı inkişaf prinsipləri, təbii ehtiyatların və ətraf mühitin mühafizəsi, Xəzər dənizinin ekoloji problemləri və su ehtiyatlarının səmərəli istifadəsi sahələrində olub. Maqsud Babayev bu sahələrdəki elmi işləri və praktiki təcrübəsi ilə Azərbaycanda ekoloji və coğrafi elmlərin inkişafına böyük töhfə verib.
BDU rəhbərliyi və universitet kollektivi Maqsud Babayevin vəfatından dərin kədər və hüznlə xəbər alıb. Universitet alimin ailəsinə və yaxınlarına başsağlığı verərək, onun xatirəsinin həmişə yaddaqalacağını bildirib.