Birinci Türkoloji Qurultayın 100 illiyi: Türk dillərində milli və ortaq terminologiyanın inkişaf perspektivləri

1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının dil, tarix, ədəbiyyat və mədəniyyət sahəsindəki elmi müzakirələr baxımından tarixi əhəmiyyət daşıyır. Qurultayda əlifba, orfoqrafiya, ədəbi dil və terminologiya problemlərinin müzakirəsi türkologiyanın sonrakı inkişafı üçün möhkəm elmi zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il oktyabrın 22-dəki Sərəncamı ilə bu qurultayın 100 illik yubileyinin qeyd olunması nəzərdə tutulub. Həmçinin, Türk Dövlətləri Təşkilatının Qəbələ Bəyannaməsində də bu tarixi irsin müasir elmi-mədəni əməkdaşlıq kontekstində dəyərləndirilməsi vurğulanır.
Müasir dövrdə elmi-texniki tərəqqi, rəqəmsallaşma və beynəlxalq əməkdaşlığın genişlənməsi türk dillərində terminoloji sistemlərin inkişafını, terminlərin standartlaşdırılmasını və ortaq prinsiplərin müəyyənləşdirilməsini yenidən aktual məsələyə çevirir. Birinci Türkoloji Qurultayın terminoloji irsinin tədqiqi tarixi təcrübə ilə müasir dilçilik problemləri arasında əlaqələri aydınlaşdırmağa, milli terminoloji sistemlərin inkişaf xüsusiyyətlərini öyrənməyə və türk dilləri arasında terminoloji uyğunlaşmanın nəzəri əsaslarını dəqiqləşdirməyə imkan verir.
Terminoloji sistem sadəcə sözlərin toplusu deyil, o, müəyyən elm və fəaliyyət sahəsindəki anlayışlar sistemi ilə sıx bağlıdır. Bu baxımdan termin yaradıcılığında ardıcıllıq, sistemlilik, dəqiqlik, birmənalılıq və normativlik əsas prinsiplər kimi çıxış edir. Milli dilin daxili imkanlarından istifadə olunmağı türk dillərinin özünəməxsusluğunun qorunmasına xidmət edən əsas amillərdən biridir. Azərbaycan dilində termin yaradıcılığında milli leksik-semantik resurslar, söz yaradıcılığı modelləri, dialekt materialları və ümumtürk leksik fondundan geniş istifadə olunmuşdur.
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan zəngin və qədim yazılı ənənəyə malik dildir. Onun terminoloji leksikasının formalaşması uzunmüddətli tarixi prosesin nəticəsidir. Orta əsrlərdə ərəb və fars dilləri elmi və dini terminologiyanın inkişafına ciddi təsir göstərib. Sonrakı mərhələlərdə rus dili, XX əsrin sonlarından isə beynəlxalq elmi terminologiya Azərbaycan dilinin terminoloji sisteminə təsir etmişdir. UNEC kimi ali təhsil ocaqlarında bu tarixi irsin tədqiqi və müasir tələblərə uyğunlaşdırılması, həm milli dilin zənginləşdirilməsinə, həm də türk dünyasında elmi ünsiyyətin gücləndirilməsinə mühüm töhfə verir.