Hafiz Paşayev: ADA Universiteti 20 illik yolunu keyfiyyətli təhsil və milli ehtiyaclar üzərində qurdu

ADA Universiteti bu il quruluşunun 20 illiyini qeyd edir. Universitetin rektoru, tanınmış alim və diplomat Hafiz Paşayev ASAN Radionun direktoru Emin Musavi ilə müsahibəsində bu iki onilliyə nəzər salaraq gələcək planları və təhsil fəlsəfəsi haqqında fikirlərini bölüşüb. Paşayev qeyd edir ki, universitetin yaradılması təbii bir ehtiyacdan qaynaqlanıb, çünki Azərbaycanda müasir standartlara cavab verən yeni bir ali məktəbə böyük tələb var idi.
Rektor xatırladır ki, 2006-cı ildə ABŞ-dakı səfir vəzifəsini bitirdikdən sonra akademik dünyaya qayıtmaq qərarına gəlib. Amerika universitetlərinin cəmiyyəti inkişaf etdirən rolunu nümunə götürərək, Prezident İlham Əliyevə universitet yaradılması təklifini çatdırıb. Əvvəlcə diplomatik kadrların yetişdirilməsi məqsədilə Azərbaycan Diplomatik Akademiyası yaradılıb. Bu təcrübə, xüsusilə Corctaun Universitetindən dəvət olunan professorlarla keçirilən ilk təlimlər, gələcəkdə ADA-nın istiqamətini müəyyənləşdirməkdə həlledici rol oynayıb.
Hafiz Paşayev universitetin inkişafını sadəcə binaların tikintisi kimi yox, əsasən tələbə sayının artması və proqramların yenilənməsi kimi qiymətləndirir. Bu gün ADA-da 5000-dən çox tələbə oxuyur və 40-a yaxın bakalavr və magistr proqramı fəaliyyət göstərir. Rektor vurğulayır ki, universitetin daha da böyüməsi planları məhdud saxlanılır, çünki əsas hədəf keyfiyyəti və institutsional simanı qorumaqdır. Tələbə sayının 7000 nəfərə çatdırılması nəzərdə tutulub, lakin bu, keyfiyyətdən ödün vermədən həyata keçiriləcək.
İxtisasların seçimi də dövlət prioritetlərinə uyğun formalaşdırılıb. Məsələn, İtaliya-Azərbaycan Universiteti çərçivəsində açılan kənd təsərrüfatı, qida elmləri, memarlıq və dizayn kimi sahələr birbaşa Prezidentin təşəbbüsü ilə həyata keçirilib. Bu istiqamətlərdə artıq yüzlərlə tələbə təhsil alır. Paşayev qeyd edir ki, universitetin missiyası yalnız peşəkar bilikləri öyrətməkdən ibarət deyil, eyni zamanda hərtərəfli şəxsiyyətin formalaşdırılması və elmi axtarışların dəstəklənməsidir. ADA, müstəqil Azərbaycanın müasir təhsil standartlarını yüksəltməkdə vacib rol oynayır və gələcəkdə də bu missiyaya sadiq qalacaq.