İqtisadiyyat və idarəetmə fakültəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mövzusunda tədbir keçirilib

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində tələbələrin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində biliklərinin artırılması məqsədilə maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Rahim Mürsəlov və «Rəqəmsal texnologiyalar və tətbiqi informatika» kafedrasının müəllimi Əflatun Məmmədov iştirak ediblər.
Tədbir zamanı iştirakçılara şəxsi məlumatların qorunması, internet resurslarından təhlükəsiz istifadə, güclü şifrələrin yaradılması, fişinq hücumlarının müəyyən edilməsi və kiberhücumların qarşısının alınması üsulları barədə ətraflı məlumat verilib.
Çıxışlarda rəqəmsal mühitdə təhlükəsizlik qaydalarına əməl etməyin, şübhəli keçidlərə daxil olmaqdan çəkinməyin, eləcə də məxfi məlumatları üçüncü şəxslərlə paylaşmamağın əhəmiyyəti diqqətə çatdırılıb.
Maarifləndirici tədbirin əsas məqsədi tələbələrin kibertəhlükəsizlik sahəsində məlumatlılığını artırmaq, onların rəqəmsal təhlükələrə qarşı diqqətli davranış vərdişlərini inkişaf etdirmək və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşmasına töhfə vermək olub.
UNEC-də bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər tələbələrin müasir rəqəmsal mühitdə təhlükəsiz davranış bacarıqlarının inkişafına və informasiya təhlükəsizliyi sahəsində biliklərinin genişləndirilməsinə xidmət edir.