Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ADNSU Biznes Məktəbinin qonağı olub

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ADNSU Biznes Məktəbinin qonağı olub

Rəsmi mənbə

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov ADNSU-nun MBA (İş İdarəetməsi üzrə Magistratura) proqramının birinci kurs tələbələri ilə görüşüb. Görüş zamanı nazir korporativ strateji inkişaf, şəxsi dəyərlər, idarəetmə səmərəliliyinin artırılması, innovativ yanaşmalar və fəaliyyət planlarının formalaşdırılması kimi vacib mövzularda öz təcrübəsini və fikirlərini bölüşüb. O, xüsusilə şəxsi inkişafın və davamlı öyrənmənin peşəkar uğurda oynadığı həlledici rola diqqət çəkib.

Söhbət zamanı ölkəmizin kənd təsərrüfatı sahəsindəki strateji hədəfləri, resurslardan səmərəli istifadə, proseslərin optimallaşdırılması və inkişaf proqramları haqqında ətraflı məlumat verilib. Bu mövzuların müzakirəsi tələbələrə strateji idarəetmə yanaşmalarının konkret bir sektorda tətbiqini, eləcə də qərarların qəbuluna təsir edən amilləri daha yaxından anlamaq imkanı yaradıb. Nazirin təcrübəsi nəzəri biliklərin praktiki tətbiqi üçün əla nümunə olub.

Səmimi fikir mübadiləsi şəraitində keçən görüşün sonunda Məcnun Məmmədov tələbələrin karyera planlaması, kənd təsərrüfatı sahəsindəki peşəkar imkanlar və bacarıqların inkişafı ilə bağlı suallarını cavablandırıb. O, gənc peşəkarlara uğurlu karyera qurmaq üçün tövsiyələrini də bölüşüb.

ADNSU Biznes Məktəbi üçün bu görüş, dövlət və biznes rəhbərlərinin təcrübələrini tələbələrlə birbaşa paylaşma imkanı baxımından əhəmiyyətli olub. Bu cür qarşılıqlı əlaqələr biznesin idarə edilməsi üzrə təhsili real həyat nümunələri ilə zənginləşdirir və gələcək rəhbərlərin peşəkarliyinin gücləndirilməsinə töhfə verir.

Xəbərlər