Maliyyə və mühasibat fakültəsinin kollektivi Zəfər Muzeyini ziyarət edib

Maliyyə və mühasibat fakültəsinin kollektivi Zəfər Muzeyini ziyarət edib

Rəsmi mənbə

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələri Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin salnaməsini, xalqımızın qəhrəmanlıq tarixini və şəhidlərimizin əziz xatirəsini yaşadan Zəfər Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı tələbələr Azərbaycanın çoxəsrlik dövlətçilik tarixini, Qarabağ həqiqətlərini, 44 günlük Vətən müharibəsinin gedişini və tarixi Qələbəmizin ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin bərpasındakı əhəmiyyətini əks etdirən ekspozisiyalarla tanış olublar.

Müasir texnologiyalar, interaktiv nümayişlər, foto və videomateriallar, xüsusi eksponatlar və maketlərlə zəngin olan muzeyin səkkiz ekspozisiya zalı ziyarətçilərə Azərbaycanın tarixi keçmişi, Vətən müharibəsində qazanılan Qələbə və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri haqqında ətraflı məlumat əldə etmək imkanı yaradıb.

Tələbələr “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan-Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023” və “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş” ekspozisiya zallarında nümayiş etdirilən materiallarla tanış olublar. İnteraktiv xəritələr, döyüş əməliyyatlarını əks etdirən videomateriallar və Şuşanın azad olunmasına həsr edilmiş maketlər tələbələrə tarixi hadisələri daha yaxından izləmək və Vətən müharibəsinin əhəmiyyətini dərindən dərk etmək imkanı verib.

Zəfər Muzeyinə təşkil olunan ziyarət tələbələrin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının artırılması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından əhəmiyyətli olub. Belə maarifləndirici tədbirlər gənclərin Azərbaycanın şanlı tarixi, dövlətçilik ənənələri və milli qürur mənbəyimiz olan Zəfər haqqında biliklərinin zənginləşdirilməsinə xidmət edir.

Xəbərlər