Maliyyə və mühasibat fakültəsinin tələbələri Hərbi Qənimətlər Parkında olublar

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fakültənin fəal tələbələri müasir tikililəri, yeni prospekt və parkları, habelə muzey və gəzinti yerləri ilə göz oxşayan Bakının, Xəzərin mirvari boyunbağısı adlandırılan dənizkənarı Sahil bağında fəaliyyət göstərən Hərbi Qənimətlər Parkına səfər ediblər.
Səfərin məqsədi tələbələrin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər haqqında biliklərini genişləndirmək, onların vətənpərvərlik ruhunu gücləndirmək və milli-mənəvi dəyərlərə bağlılığını artırmaq olub.
Ziyarət zamanı tələbələr Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnika və sursatlarla, Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş düşmən istehkamlarının maketləri, eləcə də müxtəlif mövzularda təşkil olunan sərgi və guşələrlə yaxından tanış olublar. Onlara 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə və bu Zəfərin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Səfərin sonunda tələbələrin təəssüratları dinlənilib və xatirə şəkli çəkdirilib.