Mühəndislik fakültəsində Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsinə həsr olunmuş tədbir keçirilib

UNEC-in Mühəndislik fakültəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təbliği və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Sevinc Abdullayeva mövzunun aktuallığını vurğulayaraq dayanıqlı inkişaf prinsiplərinin təşviqinin, ekoloji şüurun formalaşdırılmasının və gənclərin bu sahədə məlumatlılığının artırılmasının əhəmiyyətini qeyd edib.
Daha sonra “Ekologiya mühəndisliyi” ixtisasının rəhbəri, dosent Mövlud Hüseynov BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yaranma tarixi, meydana çıxma zərurəti və mahiyyəti haqqında geniş məruzə ilə çıxış edib. Məruzəçi dayanıqlı inkişafın əsas istiqamətləri, qlobal çağırışların həlli yolları, eləcə də Azərbaycanda bu sahədə mövcud vəziyyət və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Tədbir fakültə tələbələrinin mövzu ilə bağlı suallarının cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Sonda Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyəti, bu istiqamətdə maarifləndirmə fəaliyyətinin genişləndirilməsi və tələbələrin dayanıqlı gələcəyin formalaşmasında rolunun artırılması məsələləri diqqətə çatdırılıb.