Mühəndislik fakültəsində süni intellekt mövzusunda seminar keçirilib

UNEC-in Mühəndislik fakültəsində “Süni intellekt dövründə mühəndislik” mövzusunda seminar təşkil olunub.
Seminarı giriş sözü ilə açan fakültənin dekanı Elçin Səmədov “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”, sənədin əhəmiyyəti və icrası istiqamətində görülən işlər barədə məlumat verib. O, süni intellektin müasir dövrdə aktuallığını, sənaye və xidmət sahələrində geniş tətbiq olunduğunu vurğulayaraq, bu texnologiyanın mühəndislik sahələrində yaratdığı imkanlardan bəhs edib.
Daha sonra “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının ixtisas rəhbəri Təranə Əliyeva çıxış edərək süni intellektin mahiyyəti və yaranma tarixi, onun təhsil və mühəndislik sahələrində tətbiq imkanları, üstünlükləri və nəzarət mexanizmləri haqqında ətraflı məlumat verib.
Məruzəçi süni intellektin məhsul dizaynı, istehsalın idarə olunması və təchizat zəncirinin optimallaşdırılmasında rolunu diqqətə çatdırıb. O, həmçinin tələbələrə fərdi məlumatların işlənilməsi və mühafizəsi, istehsal proseslərinin optimallaşdırılması, proqnozlaşdırıcı texniki xidmət, rəqəmsal əkizlər, Əşyaların İnterneti (IoT) həlləri, verilənlərə əsaslanan qərarvermə və insan-maşın əməkdaşlığının yeni mərhələsi barədə məlumat verib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, süni intellektin mühəndislik sahəsində tətbiqi və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.