TUDİFAK kollektivi şəhid məzunu Ağaəmi Heybətovun xatirəsini yad edib

UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) nümayəndə heyəti və tələbələri fakültənin məzunu, şəhid Ağaəmi Heybətovun anım günü münasibətilə onun ailəsini və məzarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub. Şəhidin ailəsinə dərin hörmət və ehtiram ifadə edilib.
Ağaəmi Heybətov döyüşlərdə göstərdiyi igidliyə görə “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları, həmçinin “Vətənə xidmətə görə” III dərəcəli ordenlə təltif olunub.
Şəhidin Vətən qarşısındakı xidmətlərinin və qəhrəmanlığının əlaməti olaraq, ölümündən sonra Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan iriçaplı pulemyota onun adı verilib və silah “AH-12,7” adlandırılıb.
Ağaəmi Heybətovun qəhrəmanlıq yolu gənc nəsil üçün əsl vətənpərvərlik, cəsarət və fədakarlıq nümunəsidir. Onun Vətənə sədaqəti və əziz xatirəsi daim qəlblərdə yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!