Ucarda “Aqrar Biznes” və “I Çəltik” festivalı keçirilib

Ucarda “Aqrar Biznes” və “I Çəltik” festivalı keçirilib

Rəsmi mənbə

Oktyabrın 23-də Ucar rayonunda kənd təsərrüfatının inkişafına, yerli istehsalın təşviqinə və aqrar biznes imkanlarının genişləndirilməsinə həsr olunan “Aqrar Biznes” və “I Çəltik” festivalı təşkil edilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ucar Rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Parkı”nda keçirilən tədbirin əsas məqsədi bölgənin aqrar potensialının nümayiş etdirilməsi, yerli fermerlərin dəstəklənməsi və çəltikçilik ənənələrinin qorunmasıdır.

Tədbir iştirakçıları arasında Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Gənclər və İdman naziri Fərid Qayıbov və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov olub. Nazir Məcnun Məmmədov bildirib ki, Prezidentin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş 2026–2030-cu illər üzrə Dövlət Proqramında aqrar sahənin dayanıqlı inkişafı, istehsal potensialının gücləndirilməsi və rəqabətqabiliyyətliliyin artırılması prioritet istiqamətlər kimi müəyyən edilib. Proqram çərçivəsində müasir suvarma sistemlərinin tətbiqi, intensiv meyvə bağlarının və istixana komplekslərinin inkişafı, eləcə də taxılçılıqda məhsuldarlığın artırılması əsas hədəflərdir.

Nazir əlavə edib ki, çəltikçilikdə məhsul keyfiyyətinin yüksəldilməsi, müasir becərmə texnologiyalarının tətbiqi və emal infrastrukturunun inkişafı da vacib prioritetlər sırasındadır. Ucarda keçirilən festival regionun aqrar potensialının nümayişi, fermerlər, sahibkarlar və investorlar arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır. İstehsalçılarla emal müəssisələri və bazar iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsi məhsulun dəyər zənciri üzrə səmərəli hərəkətinə və fermer gəlirlərinin artmasına əlavə imkan yaradacaq.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov rayonun kənd təsərrüfatı potensialına və fermerlərin dəstəklənməsinin əhəmiyyətinə toxunub. O vurğulayıb ki, belə tədbirlər fermerlərin dövlət qurumları və aqrar sahənin digər iştirakçıları ilə birbaşa əlaqələrinin gücləndirilməsinə xidmət edir. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov festivalla bağlı təqdimat edib. Tədbirin sonunda iştirakçılar festivalda nümayiş olunan stendlərə baş çəkiblər. Sərgidə yerli düyü sortları, fermerlərin istehsal etdiyi məhsullar və kənd təsərrüfatının müxtəlif istiqamətlərini əhatə edən nümayişlər təqdim olunub.

Xəbərlər