UNEC-də DƏHS üzrə reytinq siyahısı açıqlandı: İlk 10-luqda yer alan müəllimlərin maaşları ikiqat artırıldı

Üniversitetimizin (UNEC) professor-müəllim heyətinin xidməti fəaliyyətini qiymətləndirməyə yönəlmiş Diferensial Əməkhaqqı Sistemi (DƏHS) üzrə 2025/2026-cı tədris ilinin yekun reytinq siyahısı açıqlanıb. Bu siyahı, universitetdə tətbiq olunan “UNEC-də diferensial əməkhaqqı sisteminin tətbiqi haqqında” Qaydalara əsasən hazırlanmışdır. Reytinq nəticələri müəllimlərin tədris və elmi fəaliyyətinin səviyyəsini əks etdirir və onlara uyğun maddi təşviq mexanizmlərinin işləyir.
Açıqlanan siyahıya görə, ilk 10-luqda yer alan müəllimlər ən yüksək qiymətləndirməyə layiq görülüb. Bu qrupdakı əməkdaşların vəzifə maaşları 2 dəfə artırılıb. Siyahıda 11-dən 30-a qədər yerləri tutan müəllimlərin maaşları 1,7 dəfə, 31-dən 60-a qədər yerlərdə qərarlaşanların maaşları 1,5 dəfə, 61-dən 100-ə qədər yerlərdə olan müəllimlərin vəzifə maaşları isə 1,2 dəfə artırılıb. Bu artımlar müəllimlərin göstərdikləri nailiyyətlərə və fəaliyyətinin keyfiyyətinə uyğun olaraq müəyyən edilmişdir.
Qeyd edək ki, əməkhaqqı artımı 2026-cı ilin 15 sentyabrından 2027-ci ilin 1 iyuluna qədər olan tədris ili dövrünü əhatə edir. UNEC-də Diferensial Əməkhaqqı Sistemi 2015-ci ildən etibarən tətbiq olunur. Bu sistem yalnız maaş artımı deyil, eyni zamanda universitetin akademik standartlarının yüksəldilməsinə xidmət edir. DƏHS professor-müəllim heyətinin fəaliyyətinin obyektiv qiymətləndirilməsini, tədris və elmi işlərin təşviqini, eləcə də əməkdaşların nəticəyönümlü fəaliyyətinin stimullaşdırılmasını hədəfləyir. Universitet rəhbərliyi bu sistemi davamlı inkişafın və keyfiyyətli təhsilin təminatçisi kimi qəbul edir.