UNEC-də Gənc Maliyyəçilər Təşkilatının açılışı olub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tələbə təşkilatı – UNEC Gənc Maliyyəçilər Təşkilatının açılış mərasimi keçirilib.
Tədbirin rəsmi açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri, professor Əvəz Ələkbərov, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) direktoru Radil Fətullayev, digər qonaqlar və tələbələr iştirak ediblər.
UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova çıxışında tələbə təşkilatlarının gənclərin şəxsi və peşəkar inkişafındakı rolunu vurğulayaraq yeni yaradılan təşkilatın tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsinə və gələcək karyera imkanlarını genişləndirməsinə töhfə verəcəyini bildirib.
Təşkilatın təsisçisi və sədri Zeynalabdin Rzayev qurumun məqsəd və missiyası barədə məlumat verib. Qeyd olunub ki, təşkilat maliyyə və mühasibatlıq sahəsində təhsil alan, eləcə də maliyyə, bankçılıq və investisiyaya maraq göstərən tələbələri bir araya gətirməyi, onların bilik və bacarıqlarını inkişaf etdirməyi, peşəkar əlaqələrini genişləndirməyi hədəfləyir.
Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev və “Maliyyə və audit” kafedrasının müdiri, professor Əvəz Ələkbərov çıxışlarında yeni təşkilatın tələbə təşəbbüskarlığının və fəallığının bariz nümunəsi olduğunu bildiriblər. Onlar tələbələrin təşəbbüsü ilə yaradılan bu cür platformaların universitet mühitinin zənginləşdirilməsinə və gənclərin potensialının üzə çıxarılmasına töhfə verdiyini vurğulayıblar.
Çıxışlarda təşkilatın fəaliyyətinin yalnız maliyyə ixtisasları üzrə təhsil alan tələbələrlə məhdudlaşmamasının vacibliyi də diqqətə çatdırılıb. Maliyyə savadlılığının artırılması, düzgün maliyyə qərarlarının verilməsi və iqtisadi düşüncə mədəniyyətinin təşviqinin təşkilatın əsas fəaliyyət istiqamətləri sırasında yer almasının əhəmiyyəti qeyd olunub.
Tədbirdə İATM-in direktoru Radil Fətullayev “Maliyyə sektorunda karyera: Maliyyəçi kimi yetişməyin sirləri”, Fabriora Group MMC-nin maliyyə direktoru İsmayıl Həmzəyev “Gələcəyin maliyyə mütəxəssisinin xüsusiyyətləri”, Araz Supermarket MMC-də Maliyyə Nəzarəti və Hesabatvermə şöbəsinin müdiri Mübarək Aydəmirov isə “Maliyyə alətlərinin yeni dövrü: müasir investisiya alətləri, risklərin idarə edilməsi və süni intellektin (AI) maliyyəyə inteqrasiyası” mövzularında çıxış ediblər.
Spikerlər maliyyə sektorunda karyera imkanları, müasir investisiya alətləri, risklərin idarə edilməsi və süni intellektin maliyyə sahəsində tətbiqi barədə fikirlərini bölüşüblər. Çıxışlar tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə əlaqələndirməsinə və müasir maliyyə trendləri ilə tanış olmasına imkan yaradıb.
Təşkilat çərçivəsində maliyyə, investisiya, bank işi və iqtisadiyyat üzrə təlimlərin, seminarların, panel müzakirələrinin, maliyyə olimpiadalarının və peşəkar görüşlərin təşkili, eləcə də maliyyə sektorunun nümayəndələri və UNEC məzunları ilə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
UNEC Gənc Maliyyəçilər Təşkilatı tələbələrin peşəkar inkişafını dəstəkləməyi, praktiki bilik və bacarıqlarını artırmağı, həmçinin universitet–biznes əməkdaşlığını gücləndirməyi qarşısına məqsəd qoyur.