UNEC-də kibertəhlükəsizlik mövzusunda görüş keçirilib

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsinə həsr olunmuş görüş keçirilib.
Tədbirin açılışında fakültənin dekanı, dosent Elman Cəfərov görüşün tələbələrin peşəkar bilik və bacarıqlarının inkişafı baxımından əhəmiyyətini vurğulayıb və onlara uğurlar arzulayıb.
Görüşdə Proxima Cyber Security MMC şirkətinin Hücum Təhlükəsizliyi üzrə rəhbəri Elman Əlizadə, Pentest Team Lead Murad Mirzəyev, Təhlükəsizlik Əməliyyatları Mərkəzinin rəhbəri Zöhrab Seyidli, Junior Pentester Kamil Soltanov, İnformasiya Təhlükəsizliyi üzrə GRC və Audit mütəxəssisi Sürəyya Cavadova, eləcə də Kiber Təhlükəsizlik Platforması MMC-nin təsisçisi və direktoru Şahin Əliyev iştirak ediblər.
Mütəxəssislər tələbələrlə kibertəhlükəsizlik sahəsindəki peşəkar təcrübələrini bölüşərək real iş mühiti, mövcud vakansiyalar, işə qəbul mərhələləri və müsahibələrə hazırlıq qaydaları barədə məlumat veriblər. Eyni zamanda, sahə üzrə bilik və bacarıqların artırılmasında faydalı olan kurslar, peşəkar sertifikatlar və karyeraya başlamaq üçün zəruri addımlar haqqında danışıblar.
Sonda İştirakçılar kibertəhlükəsizlik sahəsində karyera imkanları, peşəkar inkişaf perspektivləri və əmək bazarının tələbləri barədə mütəxəssislərlə müzakirələr aparıblar.