UNEC-də leykemiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib

UNEC-də leykemiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Rəsmi mənbə

UNEC-də bütün fakültələrin iştirakı ilə “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin (LMİB) təşkilatçılığı ilə tələbələr üçün maarifləndirici infosessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC-in Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov görüşün əsas məqsədinin gəncləri leykemiya xəstəliyi barədə məlumatlandırmaq, onları könüllü fəaliyyətə və qan donorluğuna təşviq etmək olduğunu bildirib. O, LMİB-in əsas fəaliyyət istiqamətinin leykemiya ilə mübarizə aparan uşaqlara dəstək göstərmək, gəncləri isə bu istiqamətdə bilik və bacarıqlarını, eləcə də vaxtlarını paylaşmağa təşviq etməkdən ibarət olduğunu vurğulayıb.

Daha sonra çıxış edən LMİB-in sədr müavini Elçin Cəfərli birliyin fəaliyyət istiqamətləri, həyata keçirdiyi sosial dəstək təşəbbüsləri və könüllülər üçün yaradılan imkanlar barədə məlumat verib. O, leykemiya ilə bağlı yanlış təsəvvürlərin aradan qaldırılmasının, xəstəliklə mübarizə aparan insanlara həssas yanaşmanın və cəmiyyətdə həmrəylik mədəniyyətinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Elçin Cəfərli, həmçinin qan donorluğunun əhəmiyyətindən və LMİB-in “canlı donor bankı” təşəbbüsündən bəhs edib. Donorluğun könüllü razılıq əsasında həyata keçirildiyini qeyd edən sədr müavini qanverməyə uyğunluğun tibb işçiləri tərəfindən qiymətləndirildiyini vurğulayıb.

Görüşdə gənclərin maarifləndirmə, kommunikasiya və donorların cəlb edilməsi kimi istiqamətlərdə bilik və bacarıqlarını sosial faydaya çevirmək imkanları da müzakirə olunub. Tələbələrin ictimai təşəbbüslərdə fəal iştirakının, könüllülük fəaliyyətinin və sosial məsuliyyət hissinin inkişafının əhəmiyyəti qeyd edilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, leykemiya ilə mübarizədə ictimai dəstəyin və könüllülərin roluna dair fikir mübadiləsi aparılıb.

Xəbərlər