UNEC-də “Səhiyyə menecmenti” mövzusunda master-klass keçirilib

UNEC ilə “International Medical Centre-Bakı” QSC arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Türkiyə Səhiyyə nazirinin müşaviri, Üsküdar Universitetinin Tibb fakültəsinin dekanı, professor Dr. Haydar Sur tərəfindən master-klass keçirilib.
Master-klassda UNEC Biznes Məktəbində “Səhiyyənin idarə edilməsi” ixtisaslaşması üzrə təhsil alan magistrlər və tələbələr iştirak ediblər.
Professor Dr. Haydar Sur master-klass zamanı səhiyyə sisteminin idarə edilməsi, strateji qərarvermə, səhiyyə müəssisələrinin fəaliyyətinin səmərəli təşkili və effektiv liderlik prinsipləri barədə ətraflı məlumat verib. O, səhiyyə sahəsində müasir idarəetmə yanaşmalarının tətbiqinin, düzgün strateji qərarların qəbul edilməsinin və liderlik bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbir iştirakçılar üçün səhiyyə menecmenti sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, nəzəri biliklərin zənginləşdirilməsi və peşəkar biliklərin artırılması baxımından əhəmiyyətli olub.
Qeyd edək ki, UNEC ilə “International Medical Centre-Bakı” QSC arasında əməkdaşlıq səhiyyə menecmenti sahəsində təhsil alan magistrlərin nəzəri biliklərinin praktiki təcrübə ilə zənginləşdirilməsinə və beynəlxalq təcrübənin öyrənilməsinə töhfə verir.