UNEC-də su ehtiyatlarının qorunması və sudan səmərəli istifadəyə həsr olunmuş tədbir keçirilib

UNEC-də su ehtiyatlarının qorunması və sudan səmərəli istifadəyə həsr olunmuş tədbir keçirilib

Rəsmi mənbə

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsi və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə su ehtiyatlarının qorunması və sudan səmərəli istifadənin təşviqinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbirdə “Dizayn” kafedrasının müdiri Elfanə Qasımova, Laboratoriya işinin təşkili mərkəzinin direktoru Ramil Sadıqov, Rəqəmsal İqtisadiyyat fakültəsinin dekan müavini Ramal Cabbarov və “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Elçin Abbasov iştirak ediblər.

Tədbirin əsas məqsədi su ehtiyatlarının qorunmasının əhəmiyyəti barədə məlumatlılığın artırılması, sudan səmərəli istifadə mədəniyyətinin formalaşdırılması və ekoloji məsuliyyətin gücləndirilməsi olub.

Çıxışlar zamanı su ehtiyatlarının məhdudluğu, onların davamlı idarə olunmasının zəruriliyi və gündəlik həyatda suya qənaətin əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin su itkilərinin azaldılması, təbii sərvətlərin qorunması və ekoloji tarazlığın təmin olunmasında hər bir fərdin üzərinə düşən məsuliyyət vurğulanıb.

Bildirilib ki, su ehtiyatlarının qorunması yalnız ekoloji deyil, həm də sosial və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi gənclərdə ekoloji düşüncənin formalaşmasına, təbii sərvətlərə məsuliyyətli münasibətin təşviqinə və dayanıqlı inkişaf prinsiplərinin mənimsənilməsinə töhfə verir.

Tədbir iştirakçıları su ehtiyatlarından səmərəli istifadənin gündəlik vərdişə çevrilməsinin vacibliyini qeyd edərək, ətraf mühitin qorunması istiqamətində fərdi və kollektiv məsuliyyətin əhəmiyyətini vurğulayıblar.

Xəbərlər