UNEC-də “UNEC-in tarixi” adlı interaktiv kvest oyunu keçirilib

UNEC-də tələbələrin asudə vaxtının səmərəli təşkili, onların universitetin tarixi, ənənələri və əldə etdiyi nailiyyətlər haqqında biliklərinin artırılması məqsədilə “UNEC-in tarixi” adlı interaktiv kvest oyunu keçirilib.
Oyunun məqsədi tələbələrin UNEC-in yaranma tarixi, inkişaf mərhələləri, fəaliyyət istiqamətləri və nailiyyətləri, eləcə də universitetin zəngin irsi haqqında məlumatlarını əyləncəli və interaktiv formatda möhkəmləndirmək olub. Eyni zamanda, oyun vasitəsilə tələbələrin universitetə bağlılığının gücləndirilməsi və onların komanda şəklində fəaliyyət göstərmək bacarıqlarının inkişaf etdirilməsi hədəflənib.
Kvest oyunu zamanı tələbələrə universitetin tarixi və fəaliyyəti ilə bağlı müxtəlif tapşırıqlar təqdim olunub. İştirakçılar tapşırıqları yerinə yetirərkən məntiqi düşünmə, araşdırma, çevik qərarvermə və komanda şəklində işləmək bacarıqlarını nümayiş etdiriblər. Tapşırıqların interaktiv formada təşkili tələbələrin prosesə fəal cəlb olunmasına, biliklərini sınamasına və yeni məlumatlar əldə etməsinə şərait yaradıb.
Maraqlı və dinamik formatda keçirilən kvest oyunu tələbələrə həm universitetin tarixi ilə bağlı biliklərini möhkəmləndirmək, həm də ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək imkanı verib.