UNEC-in kitabxana fonduna 100-dən çox kitab hədiyyə edib

UNEC İctimai Nəzarət Şurasının sədri, universitetin Elmin populyarlaşdırılması mərkəzinin rəhbəri, f.ü.f.d. Etibar Əliyev UNEC-in Kitabxana-İnformasiya Mərkəzinə Azərbaycan və rus dillərində 100-dan çox kitab hədiyyə edib.
Nəşrlərin təqdimatında çıxış edən Elm və innovasiya üzrə prorektor, professor Rövnəq Rzayev kitabxana fondunun zənginləşdirilməsinin universitetin elmi və intellektual mühitinin inkişafında, tələbə və tədqiqatçıların mütaliə imkanlarının genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb: “Nəşrlər Azərbaycanın tarixi və mədəniyyəti, fəlsəfə, elm, təhsil, iqtisadiyyat və riyaziyyat sahələrini əhatə etməklə yanaşı, bədii ədəbiyyat nümunələrini də özündə birləşdirir. Əminəm ki, bu kitablar tələbə və müəllimlərimizin, tədqiqatçıların elmi axtarışlarına, dünyagörüşünün genişlənməsinə və mütaliə marağının artmasına töhfə verəcək”, – deyə prorektor bildirib.
Etibar Əliyev kitabların biliklərin yayılmasında, elmi düşüncənin inkişafında və mütaliə mədəniyyətinin formalaşmasında mühüm rolunu vurğulayıb. O, UNEC kitabxanasının fonduna növbəti dəfə nəşrlər hədiyyə etməkdən məmnunluğunu ifadə edərək, bu təşəbbüsün tələbə və tədqiqatçıların elmi maraqlarının dəstəklənməsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.
Çıxış edən qonaqlar – yazıçı-publisist Aqşin Yenisey, yazıçı, professor Rəsul Əliyev və yazıçılar İlham Əziz, Mübariz Örən nəşrlərin rəngarəngliyini vurğulayaraq, onların oxucuların bilik dairəsinin genişlənməsinə töhfə verəcəyini bildiriblər
Onlar bu cür təşəbbüslərin universitetdə mütaliə mədəniyyətinin inkişafı və kitaba marağın artırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Xatırladaq ki, Etibar Əliyev bundan əvvəl də UNEC Kitabxana-İnformasiya Mərkəzinə müxtəlif dillərdə 200-ə yaxın kitab hədiyyə edib.
Kitablarla yaxından tanış olmaq istəyənlər Kitabxana-İnformasiya Mərkəzinə müraciət edə bilərlər.