UNEC müəllimlərinin müəllifi olduğu iki yeni kitabın təqdimatı keçirilib

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “SOCAR” təqdimat zonasında UNEC-in professor-müəllim heyətinin müəllifi olduğu “İqtisadi Dinamikanın Əsasları” və “Qloballaşma və beynəlxalq sosial iş” kitablarının təqdimatı keçirilib.
Təqdimatın açılışında UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, t.ü.f.d. Adilə Abdullayeva çıxış edərək universitet alimlərinin elmi nəşrlərinin sərgidə təqdim olunmasının əhəmiyyətini vurğulayıb. O, UNEC-də formalaşan innovativ tədris və tədqiqat mühitinin alimlərin elmi fəaliyyətinin inkişafına, eləcə də Azərbaycan elminin beynəlxalq elmi məkana inteqrasiyasına töhfə verdiyini bildirib.
UNEC-in baş müəllimi Ülviyyə Rəsul və “İqtisadiyyat” kafedrasının dosenti Azər Mehtiyev müəllifi olduqları “İqtisadi Dinamikanın Əsasları” kitabı haqqında məlumat veriblər. Bildirilib ki, Ankara Hacı Bayram Veli Universitetinin professoru Atilla Gökçe ilə iki il ərzində birgə hazırlanan dərslik bu istiqamətdə Azərbaycan dilində ərsəyə gətirilmiş ilk nəşrdir.
Kitabda fərq tənliklərinin iqtisadi modellərə tətbiqi, iqtisadi proseslərin təhlili və proqnozlaşdırılması, mikro və makro səviyyəli modellər izah olunur. Hər mövzu nümunələrlə yanaşı, özünü yoxlama sualları, testlər, tapşırıqlar və müzakirə materialları ilə zənginləşdirilib. Dərsliyin elmi redaktoru UNEC-in rektoru, professor Ədalət Muradovdur.
Təqdimatın davamında UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədov müəllifi olduğu “Qloballaşma və beynəlxalq sosial iş” kitabını təqdim edib.
Müəllif yeni nəşrdə qloballaşmanın sosial rifaha təsiri, beynəlxalq sosial işin nəzəri və praktiki əsasları, müxtəlif ölkələrin sosial siyasəti və rifah modellərinin əhatə olunduğunu diqqətə çatdırıb. Kitabda, həmçinin beynəlxalq sosial yardım sahəsində əməkdaşlıq, rifah qanunvericiliyi, beynəlxalq təşkilatların fəaliyyəti və qlobal dəyişikliklərin sosial problemlərə təsiri təhlil edilir.
Sonda iqtisad elmləri namizədi, dosent Bulud Sadıqov kitabın elmi-praktiki əhəmiyyətindən danışaraq onun “Sosial iş” ixtisası üzrə tədris prosesində mühüm vəsait olduğunu vurğulayıb.
Təqdimat iştirakçıların marağına səbəb olub, hər iki nəşrlə bağlı suallar cavablandırılıb.