UNEC tələbələri Boston Consulting Group şirkətinin nümayəndələri ilə görüşüblər

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) təşkilatçılığı ilə Boston Consulting Group (BCG) şirkətinin Azərbaycan komandasının nümayəndələri UNEC tələbələri ilə görüşüblər.
Görüşdə BCG-nin nümayəndələri Bəhruz Babayev, Murad Namazov, Nicat Həşimov, Nigar Əlizadə və Laman Rzayeva iştirak ediblər. Qeyd edək ki, Nicat Həşimov, Nigar Əlizadə və Laman Rzayeva UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) məzunlarıdır.
Tədbir çərçivəsində şirkət nümayəndələri tələbələrə BCG-nin fəaliyyəti, idarəetmə konsaltinqi sahəsində karyera imkanları və peşəkar inkişaf perspektivləri barədə ətraflı məlumat veriblər. Həmçinin şirkətə qəbul prosesi, işə qəbul mərhələləri və situasiya əsaslı müsahibə (case interview) formatı haqqında danışıblar.
Görüş zamanı tələbələr interaktiv biznes keysinin həllində iştirak edərək analitik düşünmə, problemlərin həlli və keys tapşırıqlarına sistemli yanaşma üsulları ilə tanış olublar. BCG nümayəndələri şirkətdəki iş mühiti və məsləhətçilərin gündəlik fəaliyyəti barədə öz təcrübələrini bölüşüb, tələbələrin suallarını cavablandırıblar.
Tədbir çərçivəsində BCG tərəfindən UNEC-in üç tələbəsi şirkətin səfirləri (BCG Ambassadors) seçilib. Onlar Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri Aygül Əhmədzadə və Samir Əhmədov, eləcə də Maliyyə və mühasibat fakültəsinin tələbəsi Sevinc Ağalarovadır.
Görüş tələbələrin idarəetmə konsaltinqi sahəsini daha yaxından tanımaları, beynəlxalq şirkətlərdə karyera imkanları barədə məlumat əldə etmələri, həmçinin gələcək peşəkar fəaliyyətləri üçün zəruri bilik və bacarıqlarını inkişaf etdirmələri baxımından əhəmiyyətli olub.
Tədbirdə ISE və Maliyyə və mühasibat fakültələrinin tələbələri iştirak ediblər. Görüş ISE tələbə-dekanı Ceyran Məmmədlinin təşkilatçılığı ilə keçirilib.