UNEC və BMU-nun Tələbə Elmi Cəmiyyətləri arasında əməkdaşlıq görüşü keçirilib

UNEC və BMU-nun Tələbə Elmi Cəmiyyətləri arasında əməkdaşlıq görüşü keçirilib

Rəsmi mənbə

UNEC və Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətləri (TEC) arasında elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və tələbələrin tədqiqat fəaliyyətinə cəlb olunması məqsədilə görüş keçirilib.

Görüşdə UNEC Mühəndislik fakültəsi TEC-in elmi rəhbəri Afət Cəfərova və UNEC Mühəndislik fakültəsinin müəllimi Vüsalə Musayeva mühəndislik sahəsində təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edərək, bu cür təşəbbüslərin gələcəyin peşəkar mütəxəssislərinin yetişdirilməsinə mühüm töhfə verdiyini bildiriblər.

UNEC TEC-in sədri Səma Əliyeva iki ali təhsil müəssisəsi arasında elmi əməkdaşlığın tələbələrin potensialının üzə çıxarılmasında və onların elmi fəaliyyətə marağının artırılmasında mühüm rol oynadığını vurğulayıb. O, UNEC Tələbə Elmi Cəmiyyətinin həyata keçirdiyi layihələr, nəşr olunan “UNEC Tələbə Tədqiqatları Jurnalı” və jurnalın əsas məqsədləri barədə ətraflı məlumat verib.

BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov və Qida və biotexnologiya kafedrasının dosenti Elşad Yunusov çıxışlarında elmi fəaliyyətin inkişafında Tələbə Elmi Cəmiyyətlərinin rolunu qeyd edərək, UNEC və BMU arasında elmi əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

BMU TEC-in sədri Emil Salmanov isə rəhbərlik etdiyi cəmiyyətin fəaliyyət istiqamətləri, həyata keçirdiyi təşəbbüslər və əsas prioritetləri haqqında məlumat verib.

Görüş zamanı hər iki universitetin tələbələrinin birgə tədqiqat layihələrinə cəlb olunması, elmi təcrübənin paylaşılması, eləcə də tələbələrin elmi təşəbbüslərinin qarşılıqlı dəstəklənməsi məsələləri müzakirə edilib.

Sonda UNEC-in müəllim və tələbə heyəti BMU-nun kampusu və laboratoriyaları ilə tanış olub, universitetin elmi və tədris infrastrukturu ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Xəbərlər